07 sen 2023
Yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımalarının həcminin artırılmasına geniş imkanlar açacaq. AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib. O qeyd edib ki, məqsəd Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionda əsas nəqliyyat habına çevrilməsinə dəstək verməkdir. Departament rəisi qeyd edib ki, ADY yük daşımalarının fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir. Qeyd edək ki, quru nəqliyyatı ilə yük daşımalarında əsas lokomotiv rolunu oynayan ADY bu ilin birinci rübündə 4 milyon 441 min 970 ton yük daşıyaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz daha çox yük daşıyıb.