07 sen 2023
Məlumat üçün bildiririk ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ötən il ərzində fəaliyyəti çərçivəsində bir sıra mühüm uğurlara imza atmışdır. Dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və ölkəmizin tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr vermişdir. Belə ki, 2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil etmişdir. Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunmuşdur. Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilmişdir. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 mln ton, Şimal-Qərb dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln ton olmuşdur. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınmışdır.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil etmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə isə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil etmişdir. Bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.